Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən şəhid Toğrul Məmmədovun xatirəsinə həsr olunan cüdo üzrə Naxçıvan şəhər açıq turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi turnirdə Naxçıvan cüdoçuları ilə yanaşı, Bakının “Neftçi”, “Çempion” və “Şahin” idman klublarının idmançıları mübarizə aparıblar.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov turniri açıq elan edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov çıxış edərək turnirin təşkilatçılarına minnətdarlığını bildirib. Eyni zamanda təşkilatçılar tərəfindən Üzeyir Məmmədova xüsusi plaket təqdim edilib.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin əməkdaşı Taleh İbrahimov, Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov və Azərbaycan Respublikasının Əməkdar məşqçisi Azər Bağırov turnirin reqlamenti barədə məlumat verib, idmançılara uğurlar arzulayıblar.
Sonra görüşlərə start verilib.
4 yaş qrupu üzrə 17 çəki dərəcəsində keçirilən turnirdə 130 idmançı iştirak edib. Turnirin yekun nəticəsinə əsasən 2005-2007-ci illər təvəllüdlü idmançılar arasında Süleyman Şamilov (55 kiloqram, “Şahin”), Mətin Məmmədov (60 kiloqram, “Neftçi”), Ramil Cabbarov (73 kiloqram, “Neftçi”) və İsmayıl Fərəcov (100 kiloqram, Şərur) fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar. 2008-2009-cu illər təvəllüdlü cüdoçuların mübarizəsində Rəhim Qaybalıyev (34 kiloqram, Naxçıvan), Sinan Fərzəliyev (38 kiloqram, Culfa), Məhəmməd Rüstəmli (42 kiloqram, “Neftçi”), Heybət Heydərov (50 kiloqram, “Şahin”), Rəşad Qasımov (55 kiloqram, “Neftçi”), Asim Əliyev (60- kiloqram, Naxçıvan) və Məhəmmədəli Bayramov (60+ kiloqram, Şərur) qalib adını qazanıblar.
Vaqif Əliyev (38 kiloqram, Culfa), Sadiq Rzazadə (50 kiloqram, Naxçıvan) və Səkinə Bağırlı (50 kiloqram, Naxçıvan) 2010-2011-ci illər təvəllüdlü idmançılar arasında birinci olublar. 2011-2012-ci illər təvəllüdlü idmançılar arasında isə David Məmmədzadə (27 kiloqram, Şərur), Rəhman Əliyev (34 kiloqram, Şərur), Yusif Abdullazadə (50+ kiloqram, Naxçıvan) hamıdan güclü olublar.
Sonda qaliblər diplom və medalla təltif ediliblər.