Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

İdmançılarımızdan yeni uğur

Abşeron rayonunda keçirilən sərbəst güləş üzrə açıq birincilikdə iştirak edən idmançılarımız uğurlu nəticələrə müvəffəq olublar. Naxçıvan Güləş Federasiyasının idmançılarından 7-si mükafatçılar sırasına düşməyi bacarıb. Ramazan Məmmədli (21 kq), Abbas İsmayılov (27 kq), Tofiq Axundlu (29 kq), Natiq Məmmədov (35 kq), Tuqay Qəhrəmanlı (44 kq) yalnız final görüşlərində məğlub olaraq gümüş medala layiq görülüblər. Asim Kərimli (21 kq), Əli Novruzov (35 kq) və Fuad Rzayev (38 kq) yarışı bürünclə tamamlayıblar.
Sambo üzrə böyüklər arasında keçirilən Bakı açıq birinciliyində isə Məhəmməd Əlili 98 kq çəki dərəcəsində bürünc medal qazanıb.

 

Sərbəst güləşçilər mükafatlandırılıb

Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə 2008-2010-cu il təvəllüdlülər arasında sərbəst güləş üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Güləş Federasiyası ilə Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunan yarışda 10 çəki dərəcəsi üzrə 60 idmançı mübarizə aparıb.

Nəticələrə əsasən Elxan Muradov 32 kq, Fuad Rzayev 35 kq, Qafar Məmmədov 38 kq, Məhəmməd Hümbətov 41 kq, Dəniz Məmmədli 44 kq, Tuqay Qəhrəmanlı 48 kq, Nihad Ələkbərli 52 kq, Sadiq Kərimov 57 kq, Şulan Bayramov 62 kq və Elbrus Kazımov 68 kq çəki dərəcələrində qalib olublar.
İlk üç yerin sahibləri diplomla təltif ediliblər.

 

 

 

Naxçıvan idmançısı dünya kubokunda medalçı olub

Türkiyənin Antalya şəhərində uşaqlar, yeniyetmə və gənclər, o cümlədən böyüklər arasında universal döyüş üzrə dünya kuboku reallaşıb. Oktyabrın 17-dən 20-dək davam edən yarışa Azərbaycan yığma komandasının heyətində qatılan Naxçıvan Güləş Federasiyasının idmançısı Sadiq Kərimov uğurlu nəticəyə imza atıb.
    Sadiq Kərimov 14-15 yaş kateqoriyasında 55 kiloqram çəki dərəcəsi üzrə mübarizə aparıb. Klassik versiyada 3 görüş keçirən Sadiq iki ukraynalı idmançını məğlub edərək finala adlayıb. Təmsilçimiz həlledici döyüşdə  Özbəkistan təmsilçisi ilə qarşılaşıb. Görüşdən məğlub ayrılan yeniyetmə idmançımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Həmin yarışda layt versiya üzrə də özünü sınayan idmançımız bu dəfə üçüncü olub. Bununla da Sadiq Kərimov dünya kubokunu 1 gümüş və 1 bürünc medalla tamamlayıb. 
    Dünən Naxçıvan Beynəlxalq Hava Limanında idmançının qarşılanma mərasimi təşkil olunub. Mərasimdə onun ailə üzvləri, yaxınları, məşqçi və idmançılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 
    Xatırladaq ki, Sadiq ötən il keçirilən dünya çempionatı və dünya kubokunun qalibi olmuşdu. 

Cüdo üzrə seminar və birincilik keçirilib

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Güləş Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məşqçi, hakim və cüdoçular üçün növbəti seminar keçirilib.

    Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, Azərbaycan Cüdo Federasiyasının hakimlər üzrə meneceri, “A” kateqoriyalı hakim Mətin Rəhimli və federasiyanın dörd hakiminin iştirakı ilə keçirilən seminarda muxtar respublikanın şəhər və rayonlarının 100-dən  çox cüdoçusu iştirak edib.
    Tədbirdən öncə çıxış edənlər keçirilən seminarın mahiyyəti barədə danışıb, idmançıları məlumatlandırıblar. 
    Ötən gün isə Vətən müharibəsi şəhidi Xansu Qurbanovun əziz xatirəsinə həsr olunan kiçikyaşlı yeniyetmələr (2009-2011-ci illər) və yeniyetmələr (2006-2008-ci illər) arasında Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
    Tədbirin açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra şəhid Xansu Qurbanovun anası Yəmən Abbasovaya şəhər Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı təqdim edilib. Şəhid anası yarışın təşkilinə və göstərilən diqqətə görə təşəkkür edib.
    Çıxışlardan sonra yarışa start verilib.
    İki yaş qrupu üzrə keçirilən açıq birincilikdə 140-a yaxın idmançı 19 çəki dərəcəsində tatami üzərinə çıxıb. Yekun nəticəyə əsasən 2006-2008-ci illər təvəllüdlülər arasında Qurban Məmmədli, Mirismayıl Seyidov, İlham Məmmədli, Rza Paşayev, Yusif Quliyev, Həsən Əsədzadə, Azər Orucəliyev, Kərim Ağazadə və Pərviz Məmmədov qalib adını qazanıb. 2009-2011-ci illər təvəllüdlülər arasında isə Elvin Cəfərov, Uğur Sadıqov, Rauf Quluzadə, Sadiq Rzazadə, Fərda Cəlilzadə, Arif Cabbarov, Asim Əliyev, Rza Heydərli və Məhəmməd Nəbiyev hamıdan güclü olublar.
    Qızların mübarizəsində isə Səkinə Bağırlı öz çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
    Sonda ilk üç yeri tutan idmançılar diplom və medalla təltif olunublar. 

 

 

 

Seminarlar davam etdirilir

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada təcrübəli idman mütəxəssislərinin iştirakı ilə seminar, kurs və ustad dərslərinin davamlı təşkili diqqət mərkəzində saxlanılır. Məqsəd məşqçi-müəllim, idmançı və hakimlərin yeni bilik və təcrübələrə yiyələnməsi, o cümlədən idman növlərində tədbiq olunan yeni qaydalar barədə məlumatlandırılmasıdır. Bu məqsədlə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyası tərəfindən yeniyetmə güləşçilər üçün taktiki-texniki seminar təşkil olunub.

Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət milli komandanın məşqçisi, tanınmış güləşçimiz Yaşar Əliyevin rəhbərliyi ilə keçən seminarda üçqat dünya və üçqat Avropa çempionu, ikiqat olimpiya mükatçısı dünyaca tanınmış güləşçimiz Hacı Əliyev də Naxçıvan güləşçiləri ilə görüşüb, onlarla öz təəssüratlarını bölüşüb.
Naxçıvan güləş məktəbinin yetirmələri olan Əliyev qardaşları burada məşq keçdikləri dönəmi xatırladaraq muxtar respublikada idmana göstərilən qayğının nəticəsi olaraq yeni nəslin əvvəlkilərdən fərqli olaraq müasir və əlverişli şəraitdə məşqlər keçməsinin, yüksək diqqətlə əhatə olunmasının sevindirici olduğunu deyiblər. Əlavə olunub ki, yaradılan imkanlarla yanaşı uğur əldə etmək üçün idmançının uzunmüddətli zəhmətə qatlaşması və davamlı təcrübə artımı üçün səy göstərməli olduğunu vurğulayıblar. Tanınmış idmançılarımız yenidən doğma diyarda olmaqdan və Naxçıvan güləşçilərinin gələcəyinə fayda verməkdən şərəf duyduqlarını bildirib, bu tipli tədbirlərin təşkilinə görə təşəkkürlərini ifadə ediblər.
Çıxışların ardınca seminara start verilib. İsinmə hərəkətlərinin ardından Y.Əliyev xalça üzərində simulyasiya xarakterli güləş görüşləri vasitəsilə bəzi çətin və çıxılmaz vəziyyətlər zamanı icra oluna biləcək ən uyğun fəndləri iştirakçılara nümayiş etdirib, idmançının yarışa hazırlığı və yarış zamanı diqqət göstərməli olduğu məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb. O, eyni zamanda məşqçi və idmançıları maraqlandıran sualları da cavablandırıb.