Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Naxçıvan idmançısı dünya kubokunda medalçı olub

Türkiyənin Antalya şəhərində uşaqlar, yeniyetmə və gənclər, o cümlədən böyüklər arasında universal döyüş üzrə dünya kuboku reallaşıb. Oktyabrın 17-dən 20-dək davam edən yarışa Azərbaycan yığma komandasının heyətində qatılan Naxçıvan Güləş Federasiyasının idmançısı Sadiq Kərimov uğurlu nəticəyə imza atıb.
    Sadiq Kərimov 14-15 yaş kateqoriyasında 55 kiloqram çəki dərəcəsi üzrə mübarizə aparıb. Klassik versiyada 3 görüş keçirən Sadiq iki ukraynalı idmançını məğlub edərək finala adlayıb. Təmsilçimiz həlledici döyüşdə  Özbəkistan təmsilçisi ilə qarşılaşıb. Görüşdən məğlub ayrılan yeniyetmə idmançımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Həmin yarışda layt versiya üzrə də özünü sınayan idmançımız bu dəfə üçüncü olub. Bununla da Sadiq Kərimov dünya kubokunu 1 gümüş və 1 bürünc medalla tamamlayıb. 
    Dünən Naxçıvan Beynəlxalq Hava Limanında idmançının qarşılanma mərasimi təşkil olunub. Mərasimdə onun ailə üzvləri, yaxınları, məşqçi və idmançılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. 
    Xatırladaq ki, Sadiq ötən il keçirilən dünya çempionatı və dünya kubokunun qalibi olmuşdu.