Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Güləş Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məşqçi, hakim və cüdoçular üçün növbəti seminar keçirilib.
Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, Azərbaycan Cüdo Federasiyasının hakimlər üzrə meneceri, “A” kateqoriyalı hakim Mətin Rəhimli və federasiyanın dörd hakiminin iştirakı ilə keçirilən seminarda muxtar respublikanın şəhər və rayonlarının 100-dən çox cüdoçusu iştirak edib.
Tədbirdən öncə çıxış edənlər keçirilən seminarın mahiyyəti barədə danışıb, idmançıları məlumatlandırıblar.
Ötən gün isə Vətən müharibəsi şəhidi Xansu Qurbanovun əziz xatirəsinə həsr olunan kiçikyaşlı yeniyetmələr (2009-2011-ci illər) və yeniyetmələr (2006-2008-ci illər) arasında Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Tədbirin açılış mərasimində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra şəhid Xansu Qurbanovun anası Yəmən Abbasovaya şəhər Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı təqdim edilib. Şəhid anası yarışın təşkilinə və göstərilən diqqətə görə təşəkkür edib.
Çıxışlardan sonra yarışa start verilib.
İki yaş qrupu üzrə keçirilən açıq birincilikdə 140-a yaxın idmançı 19 çəki dərəcəsində tatami üzərinə çıxıb. Yekun nəticəyə əsasən 2006-2008-ci illər təvəllüdlülər arasında Qurban Məmmədli, Mirismayıl Seyidov, İlham Məmmədli, Rza Paşayev, Yusif Quliyev, Həsən Əsədzadə, Azər Orucəliyev, Kərim Ağazadə və Pərviz Məmmədov qalib adını qazanıb. 2009-2011-ci illər təvəllüdlülər arasında isə Elvin Cəfərov, Uğur Sadıqov, Rauf Quluzadə, Sadiq Rzazadə, Fərda Cəlilzadə, Arif Cabbarov, Asim Əliyev, Rza Heydərli və Məhəmməd Nəbiyev hamıdan güclü olublar.
Qızların mübarizəsində isə Səkinə Bağırlı öz çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sonda ilk üç yeri tutan idmançılar diplom və medalla təltif olunublar.