18 avqust 2022-ci il tarixdə Uşaq-Gənclər İdman Məktəbində Vətən müharibəsi şəhidi Məmmədov Araz Qəhrəman oğlunun əziz xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər (2007-2009-cu illər) arasında yunan-roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Açıq birincilikdə Naxçıvan şəhərinin Vətən müharibəsi qaziləri və şəhidimizin ailə üzvləri iştirak etmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elşən Rəfiyev birinciliyi açıq elan etdikdən sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Araz Məmmədovun anası Xeyrənsə Məmmədova çıxış edərək ölkəmizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızı yad edib, birinciliyin təşkilatçılarına minnətdarlığını bildirib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək tədbirin keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat vermiş və onlara uğurlar arzulamışlar. Eyni zamanda Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən şəhidimizin anası Xeyrənsə Məmmədovaya xüsusi plaket təqdim edilib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən açıq birincilikdə Naxçıvan şəhəri ilə yanaşı Sədərək və Kəngərli rayonlarının idmançıları da iştirak etmişdir. 10 çəki dərəcəsi üzrə 50 idmançının öz qüvvəsini sınadığı açıq birinciliyin yekununa əsasən, Fuad Rzayev (38 kq, Naxçıvan), Turqay Məmmədli (41 kq, Naxçıvan), Tuqay Qəhrəmanlı (44 kq, Naxçıvan), Məhəmməd İsmayılov (48 kq, Naxçıvan), Sadiq Kərimov (52 kq, Naxçıvan), Namiq Əlizadə (57 kq, Naxçıvan), Elnur Məmmədov (62 kq, Naxçıvan), Eldar Abdullayev (68 kq, Naxçıvan), Əli Sadıqlı (75 kq, Naxçıvan) və Kənan Hüseynov (85 kq, Naxçıvan) I yerlərə layiq görülmüşlər.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara idarənin diplomları, federasiyanın isə medalları təqdim edilmişdir.