25 yanvar 2020-ci il tarixdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2007-2008-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirmişdir ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarət olmuşdur. Daha sonra Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək idmançılara qalibiyyət sevinci arzulamışdır. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 60 idmançı öz qüvvələrini sınamışlar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Turqay Məmmədli 29 kq, Məhəmməd İsmayılov 32 kq, Elmir Əsgərov 35 kq, Namiq Əlizadə 38 kq, Pərviz Ağayev 42 kq, Xəzər Abdullayev 47 kq, Elnur Məmmədov 53 kq, Elbrus Kazımov 58 kq, Elxan Əhmədli 63 kq, Fərhad Rzayev 69 kq və İlkin Həziyev 76 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.