May ayının 21-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq turnir keçirilib.
Əvvəlcə qonaqlar ulu öndərimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Turnirin açılış mərasimində çıxış edən dünya və Avropa çempionatlarının mükafatçısı, İslam Oyunlarının qalibi Nicat Şıxəlizadə yarış iştirakçılarını və tamaşaçıları salamlayaraq qeyd edib ki, bu, cüdo üzrə yeniyetmələr arasında keçirilən ikinci beynəlxalq turnirdir. O vurğulayıb ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən idmana və idmançılara böyük diqqət və qayğı göstərilir.
Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov yarış iştirakçılarını beynəlxalq turnirin açılışı münasibətilə təbrik edərək bildirib ki, ulu öndərimizin əsasını qoyduğu dövlət gənclər və idman siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini bu tədbirin yüksək səviyyədə təşkil olunmasına görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib. Vurğulayıb ki, Naxçıvan ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin və yarışların keçirildiyi bir məkan kimi tanınıb. Naxçıvan idman məktəbinin yetirmələri bu gün ölkəmizi beynəlxalq səviyyəli yarışlarda layiqincə təmsil edir, yüksək nəticələr qazanırlar.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov çıxışında əlamətdar idman yarışı münasibətilə tədbir iştirakçılarını və bütün idmançıları təbrik edərək bildirib ki, bu gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq turnirə start verilir. Ümummilli liderimiz Heydər Əliyev daim idmanın inkişafı qayğısına qalmış, Azərbaycanda idman hərəkatı geniş vüsət almış, gənclərin idmana cəlbi istiqamətində kompleks tədbirlər görülmüşdür. Bu gün ulu öndərin müəyyənləşdirdiyi idman siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azər Zeynalov vurğulayıb ki, muxtar respublikada da gənclərin fiziki hazırlığı və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun himayə və qayğısı ilə muxtar respublikada müasir idman infrastrukturu formalaşdırılmış, 2 Olimpiya İdman Kompleksi və yüzlərlə digər idman obyektləri istifadəyə verilmiş, idmanın müxtəlif növləri üzrə federasiyalar yaradılmışdır. İdmanın kütləviliyinin təmin edilməsi sahəsində aparılan işlər gənclərin idmana marağını artırmış, istedadlı idmançıların yetişməsinə səbəb olmuşdur. Nəticə isə göz önündədir: İdmançılarımız beynəlxalq yarışlarda Naxçıvanı uğurla təmsil edirlər.
Federasiya sədri diqqətə çatdırıb ki, muxtar respublikada digər idman növləri ilə yanaşı, cüdo da inkişaf etdirilir, bu idman növü üzrə beynəlxalq turnirlər təşkil olunur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş cüdo üzrə beynəlxalq turnirə də böyük maraq vardır. Turnirdə 4 ölkədən 100-ə yaxın idmançı mübarizə aparacaqdır.
Azər Zeynalov yarışların sağlam idman mübarizəsi şəraitində keçəcəyinə və yarış iştirakçılarına ölkələrini layiqincə təmsil edəcəyinə əminliyini bildirib, turniri açıq elan edib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Cüdo üzrə beynəlxalq turnirin açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının ifaları alqışlarla qarşılanıb.
Daha sonra final görüşlərinə start verilib.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirlikləri, Azərbaycan Respublikası Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 4 ölkənin – Azərbaycan, Rusiya, Türkiyə və Gürcüstanın 9 komandasının, ümumilikdə, 100-ə yaxın cüdoçusu tatami üzərinə çıxıb. 3-cü yerlər uğrunda görüşlərdə Gürcüstan komandası Bakı komandasına, Qəbələ komandası isə Rusiya komandasına qalib gələrək bürünc medal qazanıb.
Final görüşündə Naxçıvan komandası Sumqayıt komandasını məğlub edərək beynəlxalq turnirin qalibi olub.
Sonda qaliblərə diplom, medal və kubok təqdim olunub, xatirə şəkli çəkdirilib.