Kəngərlidə şəhidlərin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib
I Qarabağ Müharibəsində şəhid olmuş Məhəmməd Əliyevin adını daşıyan Xok kənd tam orta məktəbində sərbəst güləş üzrə Kəngərli rayon açıq birinciliyi keçirilib.
Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər şəhidlərimizə Allahdan rəhmət diləyib, Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı icra etdiyi hərbi əməliyyatların müasir hərb tarixində silinməz iz buraxdığını və qazanılan şanlı qələbədə qəhrəman Vətən övladlarının xüsusi rolu olduğunu xatırladıblar. Qeyd olunub ki, müstəqillik illərində Xok kənd sakinlərindən 9-u ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onların xatirəsi qəlbimizdə əbədi olaraq yaşayacaqdır.
Şəhid Basid Rüstəmovun atası İdris Rüstəmov şəhid ailələri adından təşkilatçılara təşəkkürünü bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu deyib.
Yarışın yeni qaydalar əsasında keçiriləcəyini xatırladan Naxçıvan Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov məşqçi, hakim və idmançıları diqqətli olmağa səsləyib. Sonra mübarizəyə start verilib.
Yarışa 2006-2008, 2008-2010, 2012-2014-cü il təvəllüdlülər olmaqla, Naxçıvan şəhəri, Kəngərli və Şərur rayonlarından ümumilikdə 59 idmançı qatılıb. 10 çəki dərəcəsi üzrə qalib və mükafatçılar müəyyənləşib. Nəticələrə əsasən Abbas Abbasov, Yusif Qasımov, Ələkbər Əsgərov, Məcnun Abbasov, Məhəmməd Seyidov (Naxçıvan), Rəhman Həsənli, Hüseyn Əlili, Aqşin Abdullayev (Kəngərli), Suad Məmmədov və Rövnət Əhmədov (Şərur) öz çəki dərəcələri üzrə birinci olublar.
Rayon Gənclər və idman idarəsi, Təhsil şöbəsi və Uşaq-gənclər idman məktəbi tərəfindən birgə təşkil olunan yarışın sonunda ilk üçlükdəki idmançılara diplom və hədiyyələr verilib.