Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Hacı Əliyev güləşçilərimiz üçün seminar keçib

Sərbəst güləş üzrə milli komandamızın liderlərindən olan üçqat dünya və Avropa çempionu, ikiqat olimpiya mükafatçısı və saysız uğurları ilə adından bəhs etdirən dünyaca tanınmış güləşçimiz Hacı Əliyev Naxçıvan güləşçiləri ilə görüşüb, onlarla öz təcrübəsini bölüşüb.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən tədbirdə
nazirliyin şöbə müdiri Taleh İbrahimov və federasiyanın sədr müavini Faiq İsgəndərov Hacı Əliyev kimi dünya şöhrətli idmançının buraya gəlişi və gənc nəsil idmançılara seminar keçməsinin muxtar respublikada güləşin inkişafına töhfə olması ilə bağlı fikirlərini bölüşüb, idmançılara gələcək yarışlarda uğurlar arzu ediblər.
Naxçıvan güləş məktəbinin yetirməsi olduğunu xatırladan Hacı Əliyev deyib ki, muxtar respublikada idmana göstərilən qayğının nəticəsi olaraq bu gün yeni nəsil əvvəlkilərdən fərqli olaraq müasir və əlverişli şəraitdə məşqlər keçir, yüksək diqqətlə əhatə olunurlar. Bu vəziyyət güclü idmançıların yetişməsi, onların uğurlu karyera fəaliyyəti qurmasına böyük zəmin yaradır. Hacı Əliyev idmançılara səbirli, istəkli və əzmkar olmağı tövsiyə edib, böyük uğura gedən yolun keşməkeşli olmasını vurğulayıb. Onların arasında gələcəyin böyük idmançılarının olmasına inandığını bildirən titullu güləşçimiz dəvətə görə təşkilatçılara təşəkkür edib, idmançılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Çıxışların ardınca seminara start verilib. Hacı Əliyev xalça üzərində simulyasiya xarakterli güləş görüşləri vasitəsilə bəzi çətin və çıxılmaz vəziyyətlər zamanı icra oluna biləcək ən uyğun fəndləri iştirakçılara nümayiş etdirib, idmançının yarışa hazırlığı və yarış zamanı diqqət göstərməli olduğu məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb. O, eyni zamanda məşqçi və idmançıları maraqlandıran sualları da cavablandırıb.
Qeyd edək ki, görüşün təşkil olunmasında məqsəd idmançılarda özünəinam hissi formalaşdırmaq, onların yeni qaydalarla tanışlığı və təcrübə artımına zəmin yaratmaqdan ibarət olub.