Dekabrın 22-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilən yeniyetmələr (2005-2007-ci il təvəllüdlər) arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayonlardan 6 komanda olmaqla, ümumilikdə, 70-dən çox güləşçi mübarizə aparıb. 2 gün davam edən birinciliyin məqsədi muxtar respublikada sərbəst güləş idman növünün inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və perspektivlilərin aşkar edilərək yığma komandaya cəlb edilməsindən ibarət olub.
Dünya Güləş Birliyininmövcud qaydalarına əsasən keçirilən yarışda idmançılar 10 çəki dərəcəsində qalibi müəyyənləşdirməyə çalışıblar. Birinciliyin yekun nəticəsinə əsasən, Tuqay Qəhrəmanlı (42 kiloqram, Naxçıvan), Məhəmməd İsmayılov (45 kiloqram, Naxçıvan), Namiq Əlizadə (48 kiloqram, Naxçıvan), Yəhya Paşayev (51 kiloqram, Naxçıvan), İlkar Əlican (55 kiloqram, Naxçıvan), Elnur Məmmədov (60 kiloqram, Naxçıvan), Onur Əlizadə (65 kiloqram, Naxçıvan), Daşqın Rəsulov (71 kiloqram, Şərur), Murad Hətəmli (80 kiloqram, Şərur) və Süleyman Məmmədov (92 kiloqram, Naxçıvan) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
Qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı təqdim ediblər.
Sonda xatirə şəkli çəkdirilib.