Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Cüdo birinciliyinin qalibləri müəyyənləşib

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində məktəblilərin yay tətilinin səmərəli təşkil edilməsi məqsədilə kiçikyaşlı yeniyetmələr (2005-2007-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elşən Rəfiyev tədbiri açıq elan edib və yarışın keçirilmə məqsədi haqqında idmançılara məlumat verib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov isə yarışın keçirilmə qaydaları haqqında idmançıları məlumatlandırıb. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 7 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı qüvvəsini sınayıb. Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Heydər Zamanov, Xaspolad Tutayuq, Orxan Niftəliyev, Əsgər Səfərov, Əziz Hacıyev, Rauf Cabbarov və Rüfət Zeynallı müvafiq olaraq 23, 26, 29, 32, 35, 42 və 46 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla təltif ediliblər.