Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələrinin cari ildə beynəlxalq turnirlərdə qazandığı uğurlara daha biri əlavə olunub. Belə ki, Ukraynanın Odessa şəhərində sərbəst güləş üzrə keçirilən XII Avropa Beynəlxalq Turnirində Naxçıvan güləş məktəbinin yetirməsi Abbas Məmmədov da mübarizə aparıb. 34 kiloqram çəki dərəcəsində turnirdə iştirak edən güləşçimiz bütün rəqiblərinə tam üstünlüklə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada Abbas Məmmədovun rəqibi rusiyalı güləşçi olub. İdmançımız final görüşündə də qalib gələrək turnirin baş mükafatını qazanıb.
Sonda idmançımıza təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim olunub.