Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Sərbəst güləş üzrə şəhər birinciliyi başa çatıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə idmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar. 
Şəhər birinciliyinin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyi aparatının rəhbəri Canməmməd Canməmmədov və federasiyanın sədr müavini Faiq İsgəndərov bildiriblər ki, muxtar respublikada belə yarışların keçirilməsində əsas məqsəd güləşin ənənələrini inkişaf etdirmək və yeniyetmələr arasında bu növü təbliğ etməkdir. Vurğulanıb ki, son illərdə muxtar respublika idmanına göstərilən diqqət nəticəsində yeni idman obyektləri, idman zalları tikilərək idmançıların ixtiyarına verilib. Bu da istedadlı gənclərin üzə çıxmasında müstəsna roy oynayır.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birincilikdə Tuncay Məmmədov (29 kiloqram), Kənan Qasımov (32 kiloqram), Rəmzi Babayev (35 kiloqram), Hüseyn Əhmədli (38 kiloqram), Abbas Nəzər­əliyev (42 kiloqram), Muxtar İbrahimov (47 kiloqram), Mətləb Talıblı (53 kiloqram), Orxan Ələkbərov (59 kiloqram), Sərdar Tağıyev (66 kiloqram) və Qoca Əhmədov (73 kiloqram) öz çəki dərəcələrində rəqiblərini üstələyərək qalib adını qazanıblar.
Sonda ilk üç pilləni tutan idmançılar diplom və fəxri fərmanlarla təltif olunublar.