Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Şəhidlərin xatirəsinə həsr olunmuş güləş birinciliyi keçirilib

İlham Əliyev adına Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidləri Həsənov Sadiq Əli oğlu və Qurbanov Xansu Elsevər oğlunun xatirəsinə həsr olunmuş 2013-2014-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Açılış mərasimində ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Çıxış edənlər Vətən uğrunda döyüşlərdə böyük şücaət göstərən şəhidlərimizin gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Tədbirə fəxri qonaq qismində dəvət olunan şəhid ailəsi üzvlərindən Xansu Qurbanovun anası Yəmən Abbasova və Sadiq Həsənovun atası Əli Həsənov çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıblar. Şəhid valideynlərinə yarışdan xatirə olaraq fəxri fərmanlar təqdim edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi yarışda 9 çəki dərəcəsi üzrə 50 idmançı qüvvəsini sınayıb. İlk üç yerin sahibləri mükafatlandırılıblar.