Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Azərbaycanın tanınmış güləş mütəxəssisləri Naxçıvanda seminar keçib

Azərbaycan Güləş Federasiyasının (AGF) məşqçilər üçün təşkil etdiyi ümumrespublika seminarına Naxçıvanda yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində 40-a yaxın məşqçi-müəllimin iştirakı ilə seminarın nəzəri hissəsi reallaşıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə çıxış edən nazirliyin kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, o cümlədən Naxçıvan Güləş Federasiyasının sədri Faiq İsgəndərov qonaqları salamlayıb, Muxtar Respublikada bu idman növünün inkişafı üçün müxtəlif tədbirlər görüldüyünü və bu seminarın da faydalı olacağına inamlarını ifadə ediblər.

AGF-nin Hakimlər Kollegiyasının sədri Qərib Əliyev müxtəlif güləş qarşılaşmalarının video icmalının nümayişi fonunda fəndləri qiymətləndirib, epizodları şərh edib. Sərbəst güləş üzrə U-20 milli komandanın məşqçisi Rövşən Hacıyev, l-S olimpiya kateqoriyalı hakim Sədi Quliyev məşqçiliklə bağlı nəzəri biliklərini diqqətə çatdırıblar və müxtəlif sualları cavablandırıblar.

Veteranlar arasında dünya çempionatılarının 7 qat medalçısı Rövşən İsmayılxanlıya 60 illik yubuleyi münasibətilə AGF tərəfindən xatirə hədiyyəsi təqdim edilib.

Seminarın İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən praktiki hissəsində Rövşən Hacıyev fəndlərin icrasının incəliklərini, Sədi Quliyev isə xalçadançıxma, parter və digər vəziyyətlərdə verilən xalları diqqətə çatdırıb. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.