Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının “2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclası keçirilib.
Muxtar respublikada idmanın inkişafı istiqamətində aparılan dövlət siyasətinin uğurlarından danışan Güləş Federasiyasının sədri Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. İdmanın inkişafına göstərilən dövlət qayğısının davamlılığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.
Qeyd olunub ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarından biri də Güləş Federasiyasıdır. 20 il bundan əvvəl – 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən ötən müddət ərzində güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülüb. Federasiyada yunan-Roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələr yaradılıb və bu bölmələrdə, ümumilikdə, 66 qrupda 1247 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edir.
Azər Zeynalov vurğulayıb ki, 2021-ci ildə federasiya tərəfindən şəhər və rayon birincilikləri təşkil olunub, idmançılar 1 muxtar respublika turnirində və 25 şəhər və rayon birinciliklərində, yoldaşlıq görüşlərində iştirak edib, yarışların qaliblərinə diplom və hədiyyələr verilib. Bundan əlavə, federasiya idmançılarının şəhər və rayonlarda olan muzeylərə, tarixi abidələrə ekskursiyaları ötən ildə də davam etdirilib.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2021-ci ildə görülən işlər və keçirilən yarışlar barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı isə çıxışında vurğulayıb ki, Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Naxçıvan idmanının maddi-texniki imkanları sayəsində yeniyetmə və gənclərin bu sahəyə marağı günü-gündən artmaqdadır. Nazirlik idmanın inkişafı və təbliğinə nail olmaq üçün muxtar respublikanın bütün idman federasiyaları ilə qarşılıqlı fəaliyyət göstərir və bu sahədə dövlət siyasətini həyata keçirir. Nazirlik muxtar respublikada 2002-ci ildə yaradılan Güləş Federasiyası ilə birgə idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib.
Sonra gündəlikdə duran məsələlərlə bağlı qərar layihəsi qəbul edilib.
Güləş Federasiyasının sədri Azər Zeynalov 2022-ci ildə görüləcək işlərlə bağlı tapşırıqlar verib. Bildirilib ki, federasiyanın 2022-ci il üçün “Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası vaxtında təmin edilməlidir. İdmançıların ölkə və beynəlxalq yarışlara hazırlıq səviyyəsi artırılmalı, güləşin bütün növləri üzrə yarışların keçirilməsi diqqətdə saxlanılmalıdır. Vətən müharibəsi şəhidlərinin doğum günlərində onların xatirəsinə həsr olunmuş idman tədbirləri keçirilməli, Azərbaycan Respublikasının milli və dövlət bayramları ilə əlaqədar idman tədbirlərinin keçirilməsi və idmançıların vətənpərvərlik ruhunda yetişdirilməsi diqqətdə saxlanılmalıdır. Federasiyanın yaradılmasının 20 illiyi ilə əlaqədar müxtəlif çəki və yaş kateqoriyalarında muxtar respublika birincilikləri, həmçinin şəhər, rayon birincilikləri və muxtar respublika turnirləri keçirilməlidir. Tanınmış məşqçilərin muxtar respublikaya dəvət edilməsi, burada seminar və məşğələlər keçirmələri bu ildə də davam etdirilməlidir. Güləş hakimlərinin yetişdirmə kursları təşkil edilməli, məşqçilərin Olimpiya İdman komplekslərində toplanışları keçirilməlidir. Muxtar respublikada daxili yarışların keçirilməsi təmin edilməli, güləş idman növlərinin şəhər və rayonlarda kütləviliyinə və inkişafına nail olunmalıdır. Naxçıvan Dövlət Universitetində Məşqçilik ixtisası üzrə təhsil alan tələbələrin güləş məşqlərinə, keçirilən idman tədbirlərinə cəlb olunmaları təşkil edilməlidir. Federasiyanın bölmələri fəaliyyətini gücləndirməli, gənclərin bölmələrə cəlbi, eləcə də bölmələrarası güləş yarışlarının keçirilməsi təmin edilməli, rəqabət mühiti formalaşdırılmalıdır. Yarışlarda yüksək nailiyyətlər əldə edən idmançılar həvəsləndirilməlidir. İstedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir.
Çıxışının sonunda Azər Zeynalov muxtar respublikada idmanın, idmançıların hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıya görə federasiya adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası üzvlərinə 2022-ci ildə muxtar respublikada güləş idman növlərinin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrin icrasında uğurlar arzulayıb.