20 noyabr 2019-cu il tarixdə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində “17 noyabr-Milli Dirçəliş günü” münasibətilə yeniyetmələr (2005-2007-ci illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək “17 noyabr-Milli Dirçəliş günü” haqqında idmançılara geniş məlumat vermiş və onlara uğur arzulamışdır. Sonra isə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat vermiş və yarışa start verilmişdir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 50-dən çox idmançı öz qüvvələrini sınamışlar. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Nicat Ocaqquliyev, Ramil İsmayılov, İlkar Əlican, Elmin Hacıyev, Samir Bağırzadə, Tuncay Məmmədov, Onur Əlizadə, Nihad Yusifov, Fərhat Rzayev, Bayram Allahverdi və Məhəmməd Zeynalov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69, 76 və 86 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.