Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə yeniyetmə və gənclər (U-15-2006-2007 və U-18-2003-2005-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək Dövlət Müstəqilliyi Günü münasibətilə idmançıları təbrik edib, onlara qalibiyyət sevinci arzulayıb, yarışın qaydaları haqqında danışıblar.
Azərbaycan Cüdo Federasiyası, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 2 yaş qrupunda 22 çəki dərəcəsi üzrə 120 idmançı iştirak edib.
Naxçıvan şəhər idmançıları ilə yanaşı Şərur, Culfa rayonlarının və Heydər Əliyev adına Hərbi Lisey idmançılarının da iştirak etdiyi açıq birinciliyin yekununa əsasən, qızlar arasında Aylin Məmmədli (22 kiloqram, Naxçıvan), Aynur Əsgərli (25 kiloqram, Naxçıvan), Cənnət Əliyeva (28 kiloqram, Naxçıvan), Sənubər Qurbanova (32 kiloqram, Naxçıvan) və Tərlan Cəfərli (36 kiloqram, Naxçıvan) qalib adını qazanıblar.
2003-2005-ci il təvəllüdlü oğlan idmançılar arasında Orxan Niftəliyev (42 kiloqram, Naxçıvan), Tural Əsgərov (46 kiloqram, Naxçıvan), Yusif Həşimli (50 kiloqram, Culfa), Ənvər Gülmalıyev (55 kiloqram, Naxçıvan), Emil Nəzərov (60 kiloqram, Culfa), Turqay Məmmədov (66 kiloqram, Naxçıvan), Ramil Quliyev (73 kiloqram, Naxçıvan), Emil Quliyev (81 kiloqram, Naxçıvan), Ümid Şirəliyev (+81 kiloqram, Şərur) fəxri kürsün ən yüksək zirvəsinə qalxıblar. 2006-2007-ci illər arasında isə Mirismayıl Seyidli (30 kiloqram, Culfa), Qurban Məmmədli (34 kiloqram, Culfa), Elşad Mirzəyev (38 kiloqram, Şərur), Sami Səfərov (42 kiloqram, Naxçıvan), Elnur Əhmədli (46 kiloqram, Culfa), Nihad Hətəmli (50 kiloqram, Naxçıvan), Tofiq Nəcəfov (55 kiloqram, Naxçıvan) və Məhəmməd Məmmədli (60 kiloqram, Naxçıvan) birinci yerlərə layiq görülüblər.
Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplom və medalları ilə təltif olunublar.