Naxçıvan Muxtar Respublikası

Güləş Federasiyası

Yeniyetmələr arasında cüdo üzrə şəhər birinciliyi keçirilib

İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə yeniyetmələr (2006-2008-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı xalqımızın şanlı tarixinə Milli Qurtuluş günü kimi daxil olmuş, ulu öndərimizin tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz xarakter almışdır. Sonra isə Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın qaydaları haqqında idmançılara geniş məlumat vermiş və onlara uğurlar arzulamışdır. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 çəki dərəcəsi üzrə 50 idmançı iştirak etmişdir. Birincilikdə oğlan idmançılar ilə yanaşı qız idmançılarda öz güclərini sınamışlar. Birinciliyin yekununa əsasən, Əliislam Səfərov, Rəhim Qaybalıyev, Səid Seyidov, Seymur Hüseynli, Rza Paşayev, Faiq Məmmədli, Əziz Hacıyev, Rauf Cabbarov və Sadiq Həsənzadə müvafiq olaraq 23, 26, 29, 32, 35, 42, 46, 50 və 50+ kq çəki dərəcələrində, qızlar arasında isə Cənnət Əliyeva 24 kq çəki dərəcəsində I yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.