Naxçıvan şəhərində yerləşən İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Əvvəlcə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, birinciliyin keçirilmə məqsədi yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları sərbəst güləş idman növünə cəlb etməklə bu idman növünün inkişafına və kütləviliyinə nail olmaqdır. Sonra Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat verib və yarışa start verilib.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın güləşçi öz qüvvəsini sınayıb. Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Mirsamir Seyidov, Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Kəramət Xudiyev, Abbas Nəzərəliyev, Turqut Abdullayev, Əli Əlioğlu, Fuad Məmmədov, Nurəddin Əliyev və Qoca Əhmədov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 76 kiloqram çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.