18 mart 2023-cü il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli” ilə əlaqədar kiçikyaşlı yeniyetmələr (2012-2013-cü illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birinciliyin açılış mərasimində Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov və Naxçıvan Güləş Federasiyasının sədri, əməkdar məşqçi Faiq İsgəndərov çıxış edərək Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışlar. Naxçıvan Güləş Federasiyası, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 8 çəki dərəcəsi üzrə 40 idmançı iştirak etmişdir. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışın yekununa gəlincə isə, Ramazan Məmmədli 23 kq, Fuad İsgəndərli 26 kq, Qəhrəman Qəhrəmanov 29 kq, Yasin Məmmədzadə 32 kq, Elnur Babayev 35 kq, Natiq Məmmədov 38 kq, Kənan Əlizadə 42 kq və Ramal Bağırov 47 kq çəki dərəcələrində bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar təşkilatçıların diplom və medalları ilə mükafatlandırılmışlar.