Verilən tövsiyə və tapşırıqlara əsasən, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçilər və idmançılar üçün cüdo üzrə seminar və təlim-məşq toplanışı keçirilib.
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər idman məktəbində keçirilən seminara muxtar respublikanın perspektivli cüdoçuları və məşqçi-müəllimlər qatılıblar. Bakı şəhərindən dəvət olunmuş Azərbaycan Cüdo Federasiyasının regionlarda cüdonun inkişafı sektorunun müdiri, 2 qat Avropa çempionu Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların tәlim-mәşq prosesində iştirak ediblər. Mәşqçilәr yeniyetmә cüdoçulara yeni qaydaları nəzəri və praktik olaraq izah ediblər.
Qeyd edək ki, təlim-məşq toplanışı beş gün davam edəcək. Məşqçilər Naxçıvan şəhəri ilə yanaşı, Şərur və Culfa rayonlarında məşqçi-müəllimlər və idmançılar üçün də seminar keçəcəklər.