Şəhər birinciliyində qaliblər mükafatlandırılıb

 

 

 

10 iyun 2017-ci il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə yeniyetmələr (2003-2005-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı xalqımızın şanlı tarixinə Milli Qurtuluş günü kimi daxil olmuş, ulu öndərimizin tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz xarakter almışdır. Sonra isə Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışın qaydaları haqqında idmançılara geniş məlumat vermiş və onlara uğurlar arzulamışdır. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 9 çəki dərəcəsi üzrə 60-a yaxın idmançı iştirak etmişdir. Naxçıvan şəhər idmançıları ilə yanaşı Culfa rayon idmançılarının da iştirak etdiyi birinciliyin yekununa əsasən, Sabir Nəcəfzadə (Culfa), Cəfər Məmmədli (Culfa), Sənan Cəfərov (Naxçıvan), Abbas Məmmədov (Culfa), Fuad Əşrəfli (Naxçıvan), Abbas Bayramzadə (Culfa), Məmməd Həsənov (Naxçıvan), İsmayıl Abbaslı (Naxçıvan) və Aqşin Rüstəmov (Naxçıvan) müvafiq olaraq 30, 34, 38, 42, 46, 50, 55, 60 və 66+ kq çəki dərəcələrində birinci yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.