Cüdo birinciliyinə yekun vurulub

 

 

 

9 sentyabr 2016-cı il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2004-2006-cı illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və bildirmişdir ki, bu yarışı keçirməkdə məqsədimiz idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları cüdo idman növünə cəlb etməkdən ibarətdir. Sonra isə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov birinciliyin keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat vermiş və yarışa start verilmişdir. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 50 idmançı qüvvəsini sınamışdır. Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Elvin Cəfərli, Səid Seyidov, Sami Səfərov, Ramil Qoçəliyev, İbrahim Məmmədqasımov, İsmayıl Məmmədqasımov, Amil Musayev, Rauf Cabbarlı və Fuad Babayev müvafiq olaraq 20, 23, 26, 29, 34, 38, 42, 46 və 50 kiloqram çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxmışlar. Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.