Ağbulaq İstirahət Mərkəzinin növbəti qonaqları güləşçilər olub

 

 

 

Cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir. Mərkəzin növbəti qonaqları Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının üzvləri olub. 
İdmançıları Ağbulaq İstirahət Mərkəzində mərkəzin və təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İkigünlük istirahət proqrama uyğun olaraq təşkil edilib. İdmançılar Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, onların “Ağbulaq” bulağına yürüşü keçirilib. Şam yeməyindən sonra isə güləşçilər üçün vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib. Elə həmin gün idmançılar şahmat və dama üzrə yarışlarda qüvvələrini sınayıblar.
İkinci günə idmançılar mərkəzin stadionunda gimnastika hərəkətləri ilə başlayıblar. Səhər yeməyindən sonra mini-futbol qarşılaşmaları keçirilib. Gün ərzində güləşçilər üçün tamaşalar da nümayiş etdirilib. Nahar yeməyindən sonra federasiya üzvlərinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
Mərkəzdə istirahət edən məşqçilər və idmançılar burada keçirdikləri ikigünlük istirahətdən razı qalıblar. Federasiyanın sədr müavini Faiq İsgəndərov bildirdi ki, artıq federasiyanın üzvləri bura mütəmadi olaraq gəlirlər. Mərkəzdə yaradılan şərait, idmançılara göstərilən diqqət onlar üçün əlavə stimuldur. Yaradılan bu şəraitə görə təşkilatçılara minnətdarlığımızı bildiririk.
Federasiyanın üzvü Namiq Əlizadə, Hüseyn Əhmədov vurğuladılar ki, mərkəzdəki istirahət onların qarşıdakı yarışlara hazırlığına müsbət təsir göstərəcək. 
Qeyd edək ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.