Güləş birinciliyinə yekun vurulub

 

 

 

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2006-2008-ci illər təvəllüdlü) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. 
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 10 çəki dərəcəsi üzrə 50-dən çox güləşçi mübarizə aparıb. 
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov bildiriblər ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmələri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları sərbəst güləş idman növünə cəlb etməklə bu idman növünün inkişafına və kütləviliyinə nail olmaqdır. 
Yarışın keçirilmə qaydaları haqqında da idmançılara geniş məlumat verilib.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Sinan Rzayev, Hidayət İbrahimov, Namiq Əlizadə, Uğur Cəfərov, Ülvi İsmayılov, Ləzgi Xudadanlı, Altay Hacıyev, Nurlan Musayev, Mətin İmanov və Mirsadiq Seyidov müvafiq olaraq 20, 23, 26, 29, 32, 35, 38, 42, 46 və 53 kiloqram çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.