Şəhər birinciliyinə yekun vurlub

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “15 İyun - Milli Qurtuluş Günü” münasibətilə yeniyetmələr (2001-2003-cü illər) arasında yunan-roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü haqqında danışaraq idmançılara geniş məlumat vermiş və onlara qalibiyyət sevinci arzulamışdır. Sonra Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək idmançılara yarışın qaydalarını xatırlatmış və onlara uğurlar arzulamışdır. Naxçıvan MR Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 50-ə yaxın pəhləvan qüvvəsini sınamışdır. Açıq birincilikdə Naxçıvan şəhər idmançıları ilə yanaşı, Ordubad rayonunun idmançıları da iştirak ediblər. Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Uğur Məmmədov (32 kq, Naxçıvan), Məcid İbrahimov (35 kq, Naxçıvan), Hüseyn Əhmədli (38 kq, Naxçıvan), Mehdi Əsədov (42 kq, Naxçıvan), Abbas Nəzərəliyev (46 kq, Naxçıvan) Anar Həsənov (50 kq, Naxçıvan), Asəm Yüzbaşıyev (54 kq, Naxçıvan), Abbas Həsənov (58 kq, Naxçıvan), Nihad Babayev (63 kq, Ordubad), Gündüz Məmmədov (69 kq, Naxçıvan), Musa Mehdiyev (76 kq, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olmuşlar. Sonda hər çəki dərəcəsində yer tutan güləşçilər Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.