Cüdo üzrə seminar təşkil edilib

Muxtar respublikamızda məşqçi-müəllimlər, hakimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir. 
Növbəti seminar dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazir­liyi və Güləş Federasiyasının təşkilatçılığı ilə cüdo məşqçiləri və hakimləri üçün keçirilib. Seminarı giriş sözü ilə Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov açaraq muxtar respublikada bu idman növünün geniş yayıldığını, gənclərin bu sahəyə maraq göstərdiklərini bildirib. 
5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan cüdo üzrə seminarda Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və Azərbaycan Cüdo Federasiyası Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov çıxış ediblər. 
Seminarın mahiyyəti barədə danışan federasiya nümayəndələri yeni qaydalar barədə məlumat veriblər və onları izahlı şəkildə kompüter vasitəsilə nümayiş etdiriblər. Fəndlərin tətbiqi, hakimlərin və məşqçilərin bu fəndlərə qiyməti seminar zamanı müzakirə olunub.

Qeyd edək ki, bu gün Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində cüdo üzrə muxtar respublika birinciliyinə start veriləcək və federasiya nümayəndələri bu yarışda iştirak edəcəklər.