Güləş üzrə şəhər birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə yeniyetmələr (1999-2001-cil illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 9 çəki dərəcəsində 50-yə yaxın idmançı qüvvəsini sınayıb. Yarışın açılış mərasimində çıxış edən idarənin rəisi Xəyal Qurbanov, Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov bildiriblər ki, tədbirin keçirilməsində məqsəd məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, yeniyetmələr arasında sərbəst güləş idmanını inkişaf etdirməklə Naxçıvan şəhərində güləş ənənələrinin inşişafına nail olmaqdır. Daha sonra çıxış edənlər yarışın qaydaları haqqında idmançılara geniş məlumat veriblər.

Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birincilikdə Elsun Kazımlı, Abbas Həsənov, Bağır Zeynalov, Kənan Kərimov,  Murad Quliyev, Həsən Həsənov, Gündüz Məmmədov, Rauf Qurbanov və Nail Nuriyev müvafiq olaraq 42, 46, 50, 54, 58, 63, 69, 76 və 100 kiloqram çəki dərəcələrində mübarizə apararaq həmyaşıdları arasında birinci yerlərə layiq görülüblər.

Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.