Yeniyetmə güləşçilərin muxtar respublika birinciliyi

İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli" ilə əlaqədar yeniyetmələr arasında sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib. Yarışda 11 çəki dərəcəsi üzrə 101 idmançı iştirak edib.

Nəticələrə əsasən Ələkbər Əsgərov (32 kq), Elxan Muradov (35 kq), Fuad Rzayev (38 kq), Məhəmməd Hümbətov (41 kq), Dəniz Məmmədli (44 kq), Tuqay Qəhrəmanlı (48 kq), Sadiq Kərimov (52 kq), Hüseyn Rəcəbli (57 kq), Tayson Xudadanov (62 kq), Murad Həsənəliyev (68 kq), Murad Həsənov (75 kq) öz çəki dərəcələrində birinci yerə layiq görülüblər.
İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, nazir müavini Məcid Seyidov və Güləş Federasiyasının sədri, Əməkdar məşqçi Faiq İsgəndərov təqdim ediblər.
Qeyd edək ki, yarışın reallaşdığı məkanda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri tərəfindən Antidopinq Təbliğat Proqramı çərçivəsində "Qoy ədalət zəfər çalsın" şüarı ilə maarifləndirici tədbirlər həyata keçirilib.