Birinciliyin qalibləri məlum olub

4 fevral 2023-cü il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində 2 Fevral-Gənclər Günü münasibətilə 2009-2011-ci il təvəllüdlü oğlan və qız idmançılar arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Çıxış edənlər gənclər günü haqqında idmançılara geniş məlumat vermiş və idmançılara qalibiyyət sevinci arzulamışlar. Naxçıvan Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Cüdo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birincilikdə 10 çəki dərəcəsi üzrə 40-a yaxın idmançı iştirak etmişdir. Yekun nəticəyə görə, oğlanlar arasında Əsgər Yaqublu 30 kq, Elvin Cəfərov 34 kq, Əliislam Səfərli 38 kq, Sinan Məhərrəmli 42 kq, Vüsal Abbasov 46 kq, Rauf Cəfərov 50 kq, Məhəmməd Mədətli 55 kq, Asim Əliyev 66 kq, qızlar arasında isə Ləman Bağırova 28 kq və Nailə Mustafazadə 48 kq çəki dərəcələrində birinci yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar idarənin diplomu, federasiyanın isə medalları ilə təltif olunmuşlar.