Faiq İsgəndərov fəxri adla təltif olunub

Yanvarın 9-da Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov ötən ilin dekabr ayı ərzində nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Görüşdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı da iştirak edib.
Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adlarına, “Respublika dərəcəli hakim” adına layiq görülmüş bir sıra idman mütəxəssislərinə müvafiq döş nişanları və vəsiqələr təqdim edilib. Təltif olunanlardan biri də bu yaxınlarda Naxçıvan Güləş Federasiyasına (NGF) sədr seçilmiş Faiq İsgəndərovdur. O, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb.
Qeyd edək ki, F.İsgəndərov 1986-cı ilin 10 aprel tarixində Babək rayon Kültəpə kəndində anadan olub. 25 ilə yaxındır ki, güləşlə məşğuldur. İdmançı kimi Azərbaycan birinciliyinin qalibi, beynəlxalq turnirlərin mükafatçısıdır. 2009-cu ildə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində məşqçi-müəllim kimi fəaliyyətə başlayıb, 2015-ci ildən etibarən məktəbin direktoru vəzifəsini icra edir. 2015-2022-ci illərdə NGF-nin sədr müavini kimi fəaliyyət göstərib.