Şəhər birinciliyində cüdoçular mükafatlandırılıb

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2007-2009-cu illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov,  Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın qaydaları haqqında danışıb, idmançılara uğurlar arzulayıblar.

Güləş Federasiyası ilə Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 10 çəki dərəcəsi üzrə 70-dən çox idmançı iştirak edib. Açıq birincilikdə Naxçıvan şəhərinin cüdoçuları ilə yanaşı Culfa rayonunun idmançıları da mübarizə aparıblar.

Cüdonun mövcud qaydalarına əsasən keçirilən açıq birinciliyin yekununa əsasən, Yusif Əhmədli (23 kiloqram, Naxçıvan), Rəhim Qaybalıyev (27 kiloqram, Naxçıvan), Qurban Məmmədli (30 kiloqram, Culfa), İlham Məmmədli (34 kiloqram, Culfa), Yusif Quliyev (38 kiloqram, Culfa), Asiman Muradov (42 kiloqram, Culfa), Faiq Məmmədli (46 kiloqram, Naxçıvan), Əli Cəfərzadə (50 kiloqram, Naxçıvan), Üfüq Ələkbərov (55 kiloqram, Naxçıvan) və Sadiq Həsənzadə (60 kiloqram, Naxçıvan) birinci yerlərə layiq görülüblər.

Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar diplomla təltif olunublar.