Sərbəst güləşçilər şəhər birinciliyində mübarizə aparıblar

22 dekabr 2018-ci il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik günü” münasibətilə yeniyetmələr (2005-2006-cı illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək idmançıları qarşıdan gələn həmrəylik günü və yeni il bayramı münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Daha sonra Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov tədbirin məqsəd və vəzifələri haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışdır. Naxçıvan MR Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 11 çəki dərəcəsi üzrə 60-a yaxın idmançı iştirak etmişdir. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekununa əsasən, Nicat Ocaqquliyev 32 kq, Elmir Zamanov 35 kq, Əlican İlkar 38 kq, Samir Bağırzadə 42 kq, Tuncay Məmmədov 46 kq, Onur Əlizadə 50 kq, Orxan Musayev 54 kq, Mirsadiq Seyidov 58 kq, Kazım İbrahimov 63 kq, Ayxan İsmayılov 69 kq və Uğur Bədəlov 85 kq çəki dərəcələrində I yerlərə layiq görülmüşlər. Hər çəki dərəcəsində yer tutan idmançılara təşkilatçıların diplomları təqdim edilmişdir.