Növbəti şəhər birinciliyi keçirilib

27 yanvar 2018-ci il tarixdə İ.Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və yarışın keçirilmə məqsədi haqqında idmançılara geniş məlumat vermişdir. Sonra Naxçıvan MR Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın qaydaları haqqında danışmış və idmançılara qalibiyyət sevinci arzulamışdır. Naxçıvan MR Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə 10 çəki dərəcəsi üzrə 60-a yaxın idmançı iştirak etmişdir. Açıq birinciliyin yekununa əsasən, qızlar arasında 23 kq çəki dərəcəsində Cənnət Əliyeva, oğlanlar arasında isə Rəhim Qaybalıyev, Nihad Məmmədov, Səid Seyidov, Sami Səfərov, Məhəmməd İsayev, Faiq Məmmədli, Əziz Hacıyev, Rauf Cabbarlı və Məhəmməd Əlizadə müvafiq olaraq 23, 27, 30, 34, 38, 42, 46, 55 və +55 kq çəki dərəcələrində birinci yerlərə layiq görülmüşlər. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.